Validə ŞIXƏLIYEVA
Yeni özbək şeirinin yaranmasında böyük rolu olan XX əsrin görkəmli şairlərdən biri də Mirtemirdir. O, eyni zamanda şifahi xalq ədəbiyyatının ənənələrini dərindən öyrənərək özbək ədəbiyyatınını inkişafında önəmli rol almış sənətkarlardandır. Həmçinin müasir özbək poeziyasının dünya yaradıcılığı zirvəsinə yüksəlməsində böyük töhvə qatmışdır. Klassik şeirin tədqiqi sahəsində əhəmiyyətli rolu olan Mirtemir xalq tərəfindən sevilən vətənpərvər şairdir. Lirik şair sənətkarlıq gücünə görə Qafur Qulam, Maqsud Şeyxzadə və Musa Aybəklə eyni sırada yer alır. Mirtemir poeziyasının əsas mövzusu-Özbəkistana məhəbbət, əsas personaj-özbək xalqıdır. Şair bu mövzuya və milli qəhrəman obrazına dönə-dönə müraciət edir, hər dəfə onun müxtəlif işıqlanma istiqamətləri taparaq, yeni söz və ifadələrlə sərbəst şeir nümunələri ərsəyə gəlirdi. Mirtemirin şeirlərinin dili sadəliyi və obrazlılığı ilə seçilir. Yaradıcı şair şifahi xalq ədəbiyyatı nümunələrindən məharətlə istifadə edərək bir-birindən zəngin yaradıcılıq nümunələrini ortaya çıxara bilmişdir. Şair müdrik kəlamlara, atalar sözünə, məsəllərə müraciət edirərək şeir dilini daha da zənginləşdirir.