Valida SHIKHALIYEVA
1926-cı il keçirilən Türkoloji Qurultayda ortaq dil ideyasının gündəmə gəlməsi mühüm addımlardan biri oldu. Belə ki, ortaq dil məsələsinin yaranmasına əsas olan səbəblər vardır. Nəzərdə tutulan ilk fikir Türk Dünyasının Dağınıqlığını aradan qaldırmaq idi. Türk xalqları müxtəlif coğrafiyalara yayılmış və müxtəlif əlifbalarla yazılan müxtəlif dialektlərdən/dillərdən istifadə etmişlər. Bu müxtəliflik ünsiyyət və elmi əməkdaşlıq üçün böyük maneələr yaradırdı. Qurultay Sovet İttifaqının siyasətinə mane olmaq üçün də ortaq dil yaratmağın vacibliyini ehtiva edirdi. 1926-cı ildə Sovet hakimiyyəti altında olan türk toplumları arasında dil birliyi təşviq edildi. Lakin bu stimuldan ideoloji vasitə kimi istifadə olunurdu. Sovet hakimiyyəti yerli dillərə dəstək kimi görünməklə əslində türk dünyasının ortaq milli kimlik formalaşmasına mane olmaq istəyirdi. Türkoloqlar ortaq dilin türk xalqları arasında təhsil və elm sahəsində əməkdaşlığı asanlaşdıracağı qərarında idilər. Onlar bu qənaətə gəlirdilər ki, türkologiyada ortaq bir dilin olması araşdırmaların daha geniş bir sahədə paylaşılmasını təmin edə biləcək.