Nərmin RƏHİMOVA
Məqalədə I Türkoloji Qurultayda türk xalqlarının ümumi məsələsi olan əlifba və dil mövzularından bəhs edilir. Türkoloji Qurultay XX əsr Azərbaycan elmi-mədəni həyatının parlaq bir mərhələsini təşkil edir. Ötən yüz il ərzində Azərbaycanda bu miqyasda və türkolojinin bu qədər vacib problemlərini aşkara çıxaran oxşar bir elmi hadisəyə təsadüf olunmur. Türkoloji Qurultayda yeni əlifba haqqında, türk dillərinin və türk dilinin başqa dil ailələri ilə əlaqələrinin öyrənilməsi haqqında, ana dilinin tədrisi metodikası haqqında, “Türk xalqları tarixini öyrənməyin müasir vəziyyəti və cari vəzifələri” məruzəsi üzrə, ölkəşünaslıqla bağlı məruzələr üzrə, türk dillərinin orfoqrafiyası haqqında, təşkilat komissiyası barədə, türk dillərində elmi terminologiya sistemi haqqında qətnamələr, eləcə də etnoqrafiya komissiyasının qətnaməsi qəbul edilmişdir. Qurultay türk dillərinin elmi qrammatikasının və lüğətinin tətbiq olunmasını qərara almışdı, arxeoloji tədqiqatların keçirilməsi, xarici müəlliflərin türkologiyaya aid əsərlərinin nəşri, salnamələrin toplanması, ölkəşünaslığın inkişafı ilə əlaqədar işlərin görülməsi, türk dillərinin orfoqrafiya lüğətini yaratmaq, türkolojiyə aid olan bütün materialların toplanıb siyahıya alınması, hər bir türk respublikasında elmi terminlər lüğətinin yaradılması və s. barədə qərarlar qəbul etmişdir.