Aytən ABBASOVA
XIX əsrin sonu XX əsrin əvvəllərində Türkiyənin ədəbi-mədəni həyatında bir çox sferalarda əsaslı dönüş yaratmağa nail olmuş istedadlı gənclərdən ibarət yeni bir nəsil yetişirdi. Bu gənclər türk ədəbi dilinin sadələşdirilməsi, ədəbiyyatın milliləşdirilməsi üçün ciddi şəkildə çalışırdılar. Onlardan biri də türk dilinin saflığı uğrunda yorulmadan mübarizə aparmış, türk realist nəsrinin, hekayə janrının inkişafında əvəzsiz xidmətləri olan Ömər Seyfəddindir (1884-1920). Hekayə ustası yaşadığı dövrdə ölkədəki ictimai-siyasi vəziyyəti, baş verən hadisələrin insan talelərində buraxdığı dərin izləri çox gözəl analiz etmiş və öz əhəmiyyətini bu gün də itirməyən qiymətli əsərlər yazmağa müvəffəq olmuşdur. Onun yaradıcılığında köhnəlmiş, aktuallığını itirmiş, zamanın tələbinə uyğun olmayan, vətəninin, xalqının maraqlarını əks etdirməyən heç bir problem özünə yer tapmamışdır. Sadə, rəvan üslubu ilə fərqlənən Ömər Seyfəddinin hekayələrində dövrün ictimai-sosial problemləri öz əksini tapmış və zəhmətkeş zümrənin nümayəndələri bədii qəhrəman səviyyəsinə qaldırılmışdır. Bu əsərlərdə özünə qədər yazılmış olan hekayələrdən fərqli olaraq qəhrəmanların xarakterləri geniş təhlil olunur, onların duyğularına, düşüncələrinə, geniş yer verilir, psixoloji təhlillər aparılır.